Qarabağ albanlarının nəslindən əmələ gəlmiş bir qrup qarabağlı albanların mənəvi, mədəni, tarixi və memarlıq mirasının qalıqlarının erməniləşmədən xilas edilməsi xahişi ilə beynəlxalq ictimaiyyətə müraciət edib.
“Qarabağ albanlarının nəslindən əmələ gəlmiş bir qrup qarabağlı türk-xristianların adından beynəlxalq ictimaiyyətə müraciət edərək albanların mənəvi, mədəni, tarixi və memarlıq mirasının qalıqlarının erməniləşmədən xilas etmələrini istəyirik”, - deyə “Beynəlxalq təşkilatlara çağırış: Alban Avtokefal Kilsəsinin irsini və türk-xristianlarını xilas edin” adlı müraciətdə bildirilir.
Müraciət Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda açıqlanıb.
Sənədin müəllifləri diyarşünas, tədqiqatçı Eduard Vartanov (Rusiya), tədqiqatçı Artur Ağacanov (Ukrayna) və “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ın bir qrup fəalıdır.
Müraciətdə Alban Avtokefal Kilsəsinin zorla Eçmiədzindəki erməni kilsəsinə tabe edilməsindən bəhs edilir.
“Bizi axırıncı iki əsr müddətində məcburi olaraq Eçmiədzindəki erməni kilsəsinə tabe edərək, etnik dərketmədən məhrum etdilər, kilsələrimizi əlimizdən aldılar və etnik “erməni” kimi qeydiyyata aldılar. Ancaq əsrlər boyu Qarabağ xristianları 19-cu əsrin əvvəllərində ləğv edilmiş və bütün irsinin Eçmiədzindəki erməni kilsəsinə verilmiş Alban Avtokefal Kilsəsinə tabe idilər”, - deyə sənəddə vurğulanır.
Müəlliflər Rusiyanın elmi ictimaiyyətini və eyni zamandaBMT, UNESCO-nu və digər beynəlxalq strukturları Ani-Krım-Don ermənilərinin və həm də indiyədək Alban Kilsəsinin müqəddəs ziyarətgahına sədaqətini saxlayan Qarabağ ermənilərinin mədəni və mənəvi irsinin qorunmasını müdafiə etməyə çağırıblar.*
R.Babayev