Prezident İlham Əliyev Fransanın bəzi şirkətlərinin işğal altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərməsindən narahatdır.
Prezident İ.Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb.
“Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, onun ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir”, - deyə dövlət başçısı görüşdə çıxışı zamanı bildirib.
“Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir”, - deyə o vurğulayıb.*
F.İsazadə