Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Bu sözləri prezident İlham Əliyev deyib.
“Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz”, - deyə o, martın 14-də Parisdə Fransa prezidenti Fransua Ollandla rəsmi şam yeməyində çıxışı zamanı bəyan edib.
Dövlət başçısının sözlərinə görə, status-kvo qəbuledilməzdir. “Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir.
F.Olland öz növbəsində bildirib ki, Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir.
“Mən bunu ötən həftə Ermənistan prezidenti Sarkisyana da söylədim. Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır”, – deyə Fransa prezidenti əlavə edib.
Onun sözlərinə görə, 2016-cı ilin aprelində baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb.*
A.Əzizov