Paris Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığa dair yeni saziş layihəsi ilə bağlı danışıqların tez bir zamanda uğurla nəticələnəcəyinə ümid edir. Bu sözləri Fransa prezidenti Fransua Olland deyib.
“Sizin ölkənizin əməkdaşlıq əlaqələrini şaxələndirmək, müstəqilliyini möhkəmləndirmək kimi böyük bir məqsədiniz var. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı danışıqlar artıq bir ay əvvəl Brüsseldə Sizin iştirakınızla başlamışdır. Arzu edirəm ki, bu danışıqlar tez bir zamanda uğurla nəticələnsin”, – deyə o, Parisdə rəsmi şam yeməyində prezident İlham Əliyevə bildirib.
Fransa prezidenti Bakı və Paris arasında energetika sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.
“Fransa karbohidrogenlər sahəsində sizin əsas müştərilərinizdən biridir. Bu baxımdan mən “Total” və SOCAR arasında “Abşeron” neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram”, - deyə F.Olland vurğulayıb.
O, bir sıra Fransa şirkətinin Azərbaycanla əməkdaşlığa hazır olduğunu deyib. “Fransanın bir çox şirkətləri Azərbaycanın nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübələri və bacarıqları ilə bölüşməyə hazırdırlar”, - deyə fransalı prezident əlavə edib.
F.Olland İ.Əliyevin Parisə səfərini uzunmüddətli münasibətlərdə yeni bir mərhələnin başlanğıcı adlandırıb. “Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaq”, - deyə o vurğulayb.*
F.İsazadə