2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM 0,4% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat ayında ÜDM-nin nominal həcmi 10 mlrd. 42,6 mln. manat təşkil edib.
Yanvar-fevral aylarında qeyri-neft sektorunda ÜDM 2,3% artıb.
Yanvar-fevral ayları ərzində qeyri-neft sektorunda ÜDM-nin xüsusi çəkisi 56,8% təşkil edib.
Ümumi daxili məhsulun 46,7%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6%-i tikintidə, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 15,8%-i isə digər sahələrdə istehsal edilib.
Hesabat dövründə əhali arasında adambaşına düşən ÜDM 1 min 35,6 manat təşkil edib.
Azərbaycan hökuməti 2017-ci ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada ÜDM 3,8% azalıb.**
N.Abbasova