Rəsmi Bakı Suriya və Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərinə məqsədyönlü şəkildə köçürülməsi ilə bağlı Ermənistanın atdığı addımlardan narahatdır. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
«Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdən biri Suriya və Livan ermənilərinin işğal olunmuş ərazilərdə məqsədli məskunlaşdırılmasıdır. Bu addımlar regionda demoqrafik nisbətin dəyişməsinə yönəlib və buna görə də hərbi cinayət sayılmalıdır», - deyə o, bu gün BakıdaAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşma prosesi Ermənistanın dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilir.
«Bununla da Ermənistan Dağlıq Qarabağ məsələsində status-kvonu qoruyub saxlamağa çalışır və bununla əlaqədar beynəlxalq və regional təşkilatlar işğal altında olan Azərbaycan ərazilərində qanunsuz məskunlaşma prosesinə siyasi qiymət verməlidir, əks halda başqa ölkələr də bu siyasətin qurbanına çevrilə bilər», - deyə X.Xələfov qeyd edib.*
R.Babayev