Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta sektorunun kifayət qədər kapitallaşmasını təmin etmək və bu sektora ictimai etimadı bərpa etmək niyyətindədir. Bunu MBNP-nin
Direktorlar Şurasının sədriRüfət Aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
“2017-ci ildə palatanın fəaliyyətinin əsas fokuslarından biri sığorta sektorunun inkişafı olacaq. Sektorun yetərincə kapitallaşması və ictimai etimadın bərpa edilməsi istiqamətində silsilə tədbirlər nəzərdə tutulub”, - deyə o bildirib.
Sədr istehlakçıların hüquqlarının qorunması istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə müqavilələrin müştərilər üçün tam aydın şəkildə tərtib olunmasının vacibliyini vurğulayıb.
R.Aslanlı, həmçinin bildirib ki, sığorta şirkətləri sığorta müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə müştərilərlə yanaşı, rəhbərlik etdiyi qurumun qarşısında da cavabdeh olacaqlar.*