İlkin məlumata görə, 1729 ailənin 1-ci mikrorayonda tikiləcək yeni mənzillərə köçürülməsi nəzərdə tutulub. Bu barədə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirilən mətbuat konfransında bəyan edib.
"Bu, ilkin rəqəmdir. Hazırda söküləcək binaların 29-u - 5 mərtəbə, 4-ü - 9 mərtəbə, 1-i - 16 mərtəbədir. Onların yerində 35 və 20-i mərtəbəli yaşayış binaları inşa ediləcək. Söküntü ərazisi 29 hektarı əhatə edəcək", - deyə E.Əsədov bildirib.
Onun sözlərinə görə, “Xruşovka” tipli binaların və köhnə evlərin söküntüsü, həmçinin onların yerində yeni çoxmərtəbəli binaların tikintisini 3 il ərzində başa çatdırmaq planlaşdırılır.
E.Əsədov əlavə edib ki, “Xruşovka”ların söküntü işlərinin yerinə yetirilməsinə özəl şirkətlər cəlb olunacaq.
O bildirib ki, evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10% artıq olacaq.
E.Əsədov vurğulayıb ki, həmçinin yeni binaların altında 58 min kvadrat ümumi sahədə qarajların inşası planlaşdırılır. **
F.İsazadə