Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 16-17 mart tarixlərində Bakıda keçiriləcək edilən V Qlobal Bakı Forumunun təşkilatçısıdır.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan artıq beşinci dəfədir bu Foruma ev sahibliyi edəcək. Prezident bu mötəbər tədbirin müzakirələr üçün maraqlı gündəliyinin olduğunu dedi. Forum iştirakçıları arasında çox tanınmış şəxslərin olduğunu və həmin şəxslərin sayının ildən-ilə artdığını deyən İ.Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumunda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və ictimai xadimlər, o cümlədən Latviya prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani, Monteneqro prezidenti Filip Vuyanoviç, Makedoniya prezidenti Georgi İvanov və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili iştirak edəcəklər. **
R.Babayev