Ermənistan 2016-cı ilin iyun ayından Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan qaçır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Danışıqlara başlamaq üçün Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münhendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı”, - deyə o, İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib.
XİN rəsmisinin sözlərinə görə, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişənin həlli üzrə substantiv danışıqlar paralel və sinxron şəkildə aparılmalıdır.
“Ermənistanın substantiv danışıqlardan imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi ilə müşayiət olunur”, - deyə H.Hacıyev qeyd edib.
O əlavə edib ki, bütün bunlar Ermənistanın açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasəti yürütməsinin göstəricisidir, Azərbaycan isə münaqişənin həlli üzrə substantiv danışıqlara hazırdır.*
A.Əzizov, F.İsazadə