Azərbaycanda bank aktivlərinin idarə edilməsi üzrə şirkət yaradılacaq. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji Xidmətlər Departamentinin Prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov bu gün Bakıda “Fitch” beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən 6-cı illik konfransda məlumat verib.
"Biz Dünya Bankı (DB) ilə bankların təkrar strukturlaşdırılması üzərində işləyirik. Bu çərçivələrin genişləndirilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də gözlənilir. Bundan başqa, biz DB ekspertləri ilə birgə bank aktivlərinin idarə edilməsi üzrə şirkətin yaradılması üzərində də iş aparırıq", - deyə o bildirib.
Şöbə müdirinin sözlərinə görə, belə şirkətin yaradılmasında məqsəd bağlanan bankların və “Aqrarkredit”in Azərbaycan Beynəlxalq Bankı tərəfindən əldə edilmiş toksik aktivlərinin idarə edilməsidir. Bu şirkət 5-7 il ərzində fəaliyyət göstərəcək.
O, şirkətin nə vaxt yaradılacağı barədə məlumat verməyib.*
A.Axundov