Martın 17-də Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesində” iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Həmsədr qismində Azərbaycan il ərzində prosesinin əsas orqanları olan xarici işlər nazirlərinin konfransına və yüksək vəzifəli rəsmilərinin iclaslarına ev sahibliyi edəcək”, - deyə məlumatda bildirilir.
Azərbaycan və Əfqanıstanın xarici işlər nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçiriləcək iclasda görülmüş işlərlə bağlı hesabatların verilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması nəzərdə tutulur.
Prosesdə Azərbaycan da daxil olmaqla 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində iştirak edir.*
R.Babayev