“Finding My Place” təşkilatı Rəqəmsal Ticarət Qovşağının (Digital Trade Hub) yaradılması çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə təşkilatın həmtəsisçisi İngrid Rosten bəyan edib.
ABŞ-ın Kaliforniya ştatının Silikon Vadisində 1995-2005-ci illərdə biznes inkubatorlarının qurucusu kimi tanınan İngrid Rosten İqitisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə görüş keçirib. Bu barədə Mərkəzdən məlumat verilib.
“Görüşdə V.Qasımlı bildirib ki, Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq”, - deyə məlumatda deyilir.
İ.Rosten qeyd edib ki, bu, Azərbaycanın rəqəmsal lider kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə öz töhfəsini verəcək. O, Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu əlavə edib. **
A.Əzizov