Gürcüstan və Azərbaycan prezidentləri Giorgi Marqvelaşvili və İlham Əliyev Bakıda görüş zamanı iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlığın dərinləşməsi məsələlərini müzakirə ediblər. Bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat verir.
Regionda enerji təhlükəsizliyin təminatı ilə əlaqədar ikitərəfli layihələrə xüsusi diqqət ayrılıb. G.Marqvelaşvili nəinki istehlakçı, həm də Azərbaycanın enerji resursları üçün transit ölkə olan Gürcüstanın bu sahədə gələcəkdə əlaqələrin inkişafında maraqlı olduğunu ifadə etdi.
Görüşdə xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması məsələsi müzakirə olundu. G.Marqvelaşvilinin sözlərinə görə, “bu layihə həm regionda, həm də bütün Avropada təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır”.
Məlumatda deyilir ki, G.Marqvelaşvili Gürcüstanın suverenliyi və ərazi bötüvlüyünü, o cümlədən Abxaziya və Cənubi Osertiyadan məcburi köçürülən şəxslərin statusu ilə bağlı BMT-nin illik qətnaməsini dəstəklədiyinə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib.
Prezidentlər qeyd ediblər ki, Gürcüstanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi məsələləri beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır.
G.Marqvelaşvili Bakıda işgüzar səfərdədir. **