Azərbaycanda qablaşdırma sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər assosiasiya təsis ediblər.
"Qablaşdırma Sənayesi Assosiasiyasının yaradılması ölkədə bu sahənin inkişafında və idxaldan asılılığın azaldılmasında əhəmiyyətl rol oynayacaq", - deyə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün assosiasiyanın təsis yığıncağında bildirib.
O, Azərbaycanda yerli sahibkarların tələbatını təmin etmək üçün kifayət həcmdə qablaşdırma məhsulunun istehsal olunmadığını qeyd edib.
"Plastik, karton qablaşdırmanın istehsalında müəyyən çatışmazlıqlar var və bu səbəbdən biz bəzən idxaldan asılı oluruq", - deyə nazir müavini vurğulayıb.
O əlavə edib ki, bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması üçün assosiasiyanın hazırladığı bütün təkliflər baxılmaq üçün hökumətə təqdim ediləcək.
S.Məmmədov müxtəlif sahələrdə yaradılan və ölkənin iqtisadi inkişafına təkan verən assosiasiyaların effektiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov sahibkarları müasir texnologiyalardan daha fəal istifadə etməyə çağırıb. "İqtisadiyyatın dinamik inkişafı sahibkarlardan zamanla ayaqlaşmağı tələb edir. Assosiasiyanın rolu, həmçinin hər il sənaye sahəsində yenilənmə tələb edən müasir texnologiyaların vaxtında tətbiqini təmin etməkdən ibarətdir", - deyə o vurğulayıb.
"Tuna" şirkətinin rəhbəri Rəşid Çulaqov Azərbaycanda qablaşdırma məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin sayının kifayət qədər olmadığını deyib. "Azərbaycanda qablaşdırma məhsullarının istehsal olunduğu fabriklərin sayı az olduğu üçün biz özümüzü bu məhsulla tam həcmdə təmin edə bilmirik", - deyə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan məhsullarının təşviqi məqsədi ilə beynəlxalq sərgilərdə daha fəal şəkildə iştirak etmək lazımdır.
"Kartonpak" MMC-nin rəhbəri Kamran Hacızadə yerli qablaşdırma məhsullarına tələbatın az olduğunu diqqətə çatdırıb. "Ölkəyə böyük həcmdə Türkiyə və Rusiya istehsalı olan qablaşdırma məhsulları idxal edilir. Bundan isə yerli istehsalçılar əziyyət çəkir və onların məhsuluna tələbat olmur. Bu məsələ ilə bağlı vəziyyəti köklü şəkildə dəyişmək və yerli sahibkarlığı dəstəkləmək lazımdır", - deyə o əlavə edib.
Şirkətin rəhbəri ölkədə şüşə, plastik və karton qablaşdırma istehsalının normal qaydada inkişaf etdiyini bildirib. "Ancaq hər bir qablaşdırma müəssisəsi öz problemlərini böyük səylər göstərməklə təkbaşına həll etməyə məcburdur. Ümid edirəm ki, assosiasiyanın yaradılması bu kimi məsələlərin həllinin sadələşdirilməsinə və daxili istehsalın inkişafına kömək edəcək", - deyə K.Hacızadə vurğulayıb.*
R.Babayev