Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ayrı-ayrı şəxslərin ümumilikdə 24,26 min manat məbləğində pulunu ələ keçirməkdə təqsirli bilinən Bakı şəhər sakini Zöhrab Paşayev barəsində cinayət işi açıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Cinayət işi Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə başlanıb.
“Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Paşayevin özünü “ASAN xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib, saxta sənədlərdən istifadə edərək 2017-ci ilin yanvar ayı ərzində iki vətəndaşı mərkəzə işə düzəldəcəyi adı ilə aldadıb 13,6 min manat məbləğində pulu ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan həmin faktlar üzrə cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, istintaq zamanı Z.Paşayevin özünü dövlət orqanlarının vəzifəli şəxsi, habelə məhkəmələrdə hüquqşünas kimi təqdim edərək beş epizod üzrə saxta məhkəmə qərarları, o cümlədən dövlət ştampı, möhür və blankarından istifadə edərək ayrı-ayrı şəxsləri aldadıb onlara məxsus 10,66 min manat məbləğində pulu ələ keçirməsinə dair sübutlar əldə olunub.
“Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev