Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqasa sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığını çatdırıb.
“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında bildirilir.
Onun sözlərinə görə, bu, iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkənin XİN-ləri arasında imzalanmış Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə ziddiyyət təşkil edir.
“Həmçinin görüşdə Yunanıstan vətəndaşlarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin qarşısının alınması üçün Yunanıstan tərəfindən öz vətəndaşlarına bu kimi səfərlərin qeyri-qanuniliyi və hüquqi məsuliyyət ehtiva etməsi barədə xəbərdarlıq edilməsi təklif olunub”, - deyə H.Hacıyev qeyd edib.
Səfir D.Tsounqas ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və məsələ ilə əlaqədar Azərbaycanın narahatlıq və narazılığının ölkəsinə çatdırılacağını deyib. “Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə bildirilib ki, bu, “şəxsi səfər” xarakteri daşıyır və K.Mirzəyan adlı şəxslə heç bir hökumət rəsmisi görüş keçirməyib”, - deyə bəyanatda qeyd olunur.*
R.Babayev