Riqa Bakı və Brüssel arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Bunu Latviya prezidenti Raymonds Veyonis deyib.
Xarici işlər naziriElmar Məmmədyarov bu gün Bakıda Latviya prezidenti Raymonds Veyonislə görüşüb.
“XİN başçısıAvropa İttifaqı Şurası tərəfindən Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə aparılan danışıqlar barədə məlumat verib. Latviya prezidenti isə ölkəsinin Azərbaycanın Aİ ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini vurğulayıb”, - deyə XİN-in məlumatında bildirilir.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Latviya prezidentinə minnətdarlıq ifadə edib.
Prezident R.Veyonis iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.
Görüşdə iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.*
F.İsazadə