Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin görüşünə hazırlıq görürlər. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland məlumat verib.
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün uyğun şəraitin yaradılması istiqamətində müəyyən işlər aparılır. XİN başçıları prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər", - deyə o, bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
Həmsədrin sözlərinə görə, Bakı və İrəvanda keçirilən görüşlərdə vasitəçilər eyni müraciətlə çıxış ediblər.
"Tezliklə aprel hadisələrinin bir ili tamam olacaq. Bizim müraciətimiz bundan ibarətdir: bu il döyüş meydanında deyil, danışıqlar masası arxasında keçiriləcək görüşlə yadda qalmalıdır", - deyə R.Hoqland qeyd edib.*