2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 32 mln. 612,6 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-fevral aylarında qeyri-neft yükdaşımalarının həcmi 6,6% - 23,5 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 76,3%, dövlət sektorunun payına 23,7% düşüb. Yanvar-fevral aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,2% artıb.
Hesabat dövründə dəmir yolu ilə 2 mln. 895,2 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2016-cı ilin yanvar-fevral aylarının göstəricisindən 29,2% çoxdur.
Cari ilin yanvar-fevral aylarında respublikanın dəniz nəqliyyatı ilə 1 mln. 263,9 min ton (artım 50,5%), avtomobil nəqliyyatı ilə 18 mln. 433,9 min ton (artım 2,3%), hava nəqliyyatı ilə 24,7 min ton (artım 11,8%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 6 mln. 877,5 min ton neft (azalma 5,2%) nəql edilib. 5 mln. 420,5 min ton neft və ya nəqlin bütün həcminin 78,8%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınıb. 2017-ci ilin yanvar-fevral aylarında BTC neft kəməri ilə 998,4 min ton tranzit neft nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova