31 may - 3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” sərgisi keçiriləcək.Bu barədə sərginin təşkilatçıları qismində “ITE Group” ilə birgə çıxış edən “Iteca Caspian” şirktindən məlumat verilib.
“Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Bu il sərgidə Almaniyadan, Çindən, Gürcüstandan, İrandan, Niderland Krallığı, Özbəkistandan, Rusiyadan, Türkiyədən, və digər ölkələrin şirkətləri iştirak edəcəklər. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcəklər”, - deyə məlumatda deyilir.
Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.
“1-2 iyun tarixində keçiriləcək ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas Conference” konfransında müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova