Azərbaycanın inkişafı konkret proqramlara əsaslanır. Bu sözləri prezident İlham Əliyev martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
“Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik”, – deyə o vurğulayıb.
Prezident qeyd edib ki, sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
“Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib edilib”, – deyə İ.Əliyev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir. Ölkə rəhbərliyinin yürütdüyü siyasət xalq tərəfindən dəstəklənir. “Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir”, - deyə dövlət başçısı vurğulayıb.*
R.Babayev