Azərbaycan bu il 200-dən çox müasir pambıqyığan kombayn almaq niyyətindədir. Bunu prezident İlham Əliyev martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.
“Bu il və keçən il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub. İlk növbədə biz özümüzü texnika ilə təmin etməliyik. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilib. Bu il 200-dən çox müasir kombayn sifariş verilib”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, pambıqçılığın ənənələri böyükdür.“Əfsuslar olsun ki, Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, biz pambıqçılıqda da tənəzzüllə qarşılaşdıq. İldən-ilə diqqət azalırdı, ildən-ilə pambıq sahələri kiçilirdi və bu proses əfsuslar olsun ki, son illərə qədər davam edirdi”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı qeyri-neft sektorunun inkişafının prioritet sahə olduğunu diqqətə çatdırıb. “Xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaq”, - deyə o vurğulayıb.*
R.Babayev