2017-ci ilin yanvar ayında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 4 mln. 606,4 min ton təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 19,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəhliz çərçivəsində yüklərin 1 mln. 447,8 min tonu və ya 31,4%-i dəmir yolu nəqliyyatı, 2 mln. 578,3 tonu və ya 56%-i avtomobil nəqliyyatı, 580,3 min tonu və ya 12%6-i dəniz nəqliyyatının payına düşüb.
“Ötən il TRACECA dəhlizi ilə yük daşımalarının həcminin azalması 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəniz və dəmir yolu nəqliyyatı vasitəsilə daşınmış yüklərin həcmində müvafiq olaraq 10,9% və 17,7% azalma ilə əlaqədardır. Hesabat ilində avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb”, - deyə məlumatda qeyd olunur.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 1 mln. 6,1 min ton və ya 21,8% tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova