Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində daha qətiyyətli addımlar atmağa çağırıb. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
«Danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır», - deyə o, Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Kristine Muttonen ilə görüşdə bildirib.
Sədr təəssüflə vurğulayıb ki, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.
“Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə ikili standartlara yol verilir, özlərini insan haqlarının müdafiəçisi sayan qurumlar Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün taleyinə laqeyd qalır. İşğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil”, - deyə O.Əsədov qeyd edib.
ATƏT PA-nın prezidenti öz növbəsində rəhbərlik etdiyi təşkilatın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib.*
R.Babayev