2017-ci ildə neftin orta qiyməti $40 olarsa Azərbaycanın gəlirləri $5 mlrd.-ı ötəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək”, - deyə İ.Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.
Prezident qeyd edib ki, pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır.“Ona görə pambıqçılığın inkişafı mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir. Burada, əlbəttə ki, pambığı becərən gəlir qazanır. Dövlət ancaq burada maraqlıdır ki, ölkəyə daha çox valyuta gəlsin”, - deyə o əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq.“Ötən il bu rəqəm 64 min idi”, - deyə İ.Əliyev bəyan edib. **
A.Əzizov