SOCAR “Neft Daşları” yatağında yeni 620A saylı stasionar dəniz platformasını istismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
Platforma SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında tikilib.
“Platforma dənizin 27 metr dərinliyində yerləşir və 8 quyunun qazılması üçün nəzərdə tutulub. Ümumi sahəsi 2520 kvadrat metr, çəkisi 2,398 min tondur. Platforma 7 dayaq bloku üzərində yığılıb, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançası tikilib”, - deyə məlumatda bildirilir.
İstehsalat və yaşayış sahələrindən ibarət platformada müvafiq boru xətləri çəkilib, obyektdə qülləaltı postament və digər bütün zəruri avadanlıqlar quraşdırılıb.
Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.*
N.Abbasova