“BP-Azerbaijan” şirkəti 2017-ci ilin sonunda ilk qazı “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində inşa edilən qaz ixrac sisteminə buraxmağı planlaşdırır. Bu barədə jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel məlumat verib.
"Hazırda "Şahdəniz" yatağının ikinci mərhələsinin reallaşdırılması üzrə tikinti işlərinin 90%-dən çoxu yerinə yetirilib. 2017-ci ilin sonunda qazın sistemə buraxılmasına başlanılacaq və bu, test xarakterli olacaq. Gələn ilin II yarısında isə “Mərhələ-2” çərçivəsində qazın Türkiyəyə ixracına başlanılacaq”, - deyə o bildirib.
Q.Birrelin sözlərinə görə, Trans-Adriatik qaz kəmərinin inşası başa çatdıqdan sonra “Şahdəniz” yatağından hasil olunan qaz Avropaya ixrac ediləcək.
BP rəsmisi qeyd edib ki, “Mərhələ-2” çərçivəsində 12 quyu qazılıb. Bunlar “Şahdəniz” yatağından hasilata və ixraca başlamağa kifayət edir. İkinci mərhələnin reallaşdırılması çərçivəsində “BP-Azerbaijan” şirkətinin və onun layihə üzrə tərəfdaşlarının xərcləri $15 mlrd. təşkil edib", - deyə o vurğulayıb.
Q.Birrel əlavə edib ki, “Şahdəniz” konsorsiumu “Mərhələ-2” layihəsi üzrə işlərin gedişindən razıdır. "İşlər qrafiki qabaqlayır və xərclər əhəmiyyətli dərəcədə azaldılır. Biz layihə çərçivəsində xərclərin investisiya qərarı qəbul edilərkən təsdiqlənmiş məbləğdən az olmasına çalışacağıq", - deyə o bildirib.*
N.Abbasova