Cənub-Qərb Nəqliyyat Dəhlizi ilə İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya yük daşımalarını 7 gün ərzində həyata keçirmək mümkün olacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatında deyilir.
QSC-nin sədri Cavid Qurbanov ilə “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsexin görüşündə Azərbaycan və Ukrayna dəmiryolçuları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
“Cənub-Qərb Nəqliyyat Dəhlizindən söz açan C.Qurbanovun sözlərinə görə, Cənub-Qərb Nəqliyyat Dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaq”, - deyə məlumatda bildirilir.
O deyib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Sədr əlavə edib ki, hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.
“Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü isə tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır”, - deyə C.Qurbanov qeyd edib.
Onun sözlərinə görə, son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gücləndirilməsi istiqamətində işlər aparılır.
B.Voytsex isə Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsininin artırılması üçün Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.
Daha sonra görüş üçtərəfli formatda davam edib. Tədbirdə “Gürcüstan Dəmir Yolları” SC-nin sədr müavini Aleksi Nikolaşvili danışıqları davam etdirib. Görüşün sonunda Azərbaycan, Ukrayna və Gürcüstan dəmiryolçuları arasında niyyət protokolu imzalanıb.*
N.Abbasova