Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv olunması Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsinə dair məlumatlarla bağlı yaydığı açıqlamada deyilir.
“ÜAK-ın ləğv olunması, yaxud onun ictimai nüfuzunun zədələnməsinə yönəlmiş təşəbbüslər xalqlarımız arasında qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluq ənənələrinin, habelə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və bu münasibətlərin inkişafında maraqlı olmayan qüvvələrin mənafelərinə xidmət edə bilər”, - deyə açıqlamada bildirilir.
Komitə qeyd edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub. Azərbaycan ictimaiyyəti, eyni zamanda Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiya Federasiyasının müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək.
Açıqlamada vurğulanır ki, Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Ədliyyə Nazirliyində hesab edirlər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub: "Nazirlik tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə bu il martın 9-da Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün müraciət edib.
Rusiya Ali Məhkəməsinin qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.*
F.İsazadə