Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin Bakıya səfərinin müsbət nəticələr verəcəyinə əmindir.
“Bugünkü səfərin gündəliyi kifayət qədər genişdir. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk”, - deyə dövlət başçısı bu gün Bakıda N.Nazarbayevlə görüşdə bildirib.
O vurğulayıb ki, Qazaxıstan Azərbaycan üçün dost, qardaş ölkədir.
“Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq”, - deyə İ.Əliyev qeyd edib.
Azərbaycan prezidenti, həmçinin vurğulayıb ki, Bakı və Astana bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birini dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçirir.*
F.İsazadə