Qazaxıstan prezidenti Nursultan Nazarbayev yaxın iki-üç il ərzində əmtəə dövriyyəsinin kəskin şəkildə - bir neçə dəfə artırılmasına imkan olduğunu qeyd edir.
“Yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var”, - deyə o, prezident İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə bildirib.
N.Nazarbayev Azərbaycana çoxdan gözlənilən bu səfərə dəvət üçün I.Əliyevə dərin təşəkkürünü bildirib.
Onun sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair bir çox məsələlər müzakirə olunub. “Biz bütün məsələləri müzakirə etdik”, - deyə o qeyd edib.
Qazaxıstan prezidenti mədəniyyət sahəsində münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün gənclərin dövlətlərimizdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər”, - deyə o vurğulayıb.*
R.Babayev