1 aprel 2017-ci il tarixinə Azərbaycanda 3 mln. 443,76 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 2,1% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
2017-ci ilin birinci rübündə 71,852 min sosial sığorta üzrə fərdi hesab açılıb.
Sosial sığorta üzrə fərdi hesablara malik olanların 59,6%-i - kişi, 40,5%-i - qadındır.
DSMF-in məlumatına əsasən, fərdi hesabı olanların əksəriyyəti 30-40 yaş arasında işləyən vətəndaşlardır. Onlar bütün sosial sığorta ödəyicilərinin 25,8%-ni təşkil edirlər.
30 yaşa qədər sosial sığorta ödəyicilərinin 19,8%-nin, 40-50 yaş arasında 19,9%-nin, 50-60 yaş arasında 20,8%-nin fərdi hesabları var. Qalanı 60 yaşdan yuxarı ödəyicilərdir.
1 yanvar 2017-ci il tarixinə Azərbaycanda 3 mln. 371,908 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. **
N.Abbasova