Prezident İlham Əliyev Bakı və Moskva arasında bütün səviyyələrdə etimada əsaslanan əlaqələrin mövcud olduğunu, siyasi, parlamentlərarası və idarələrarası əlaqələrin intensivləşdiyini qeyd edir.
“Bütün səviyyələrdə etimada əsaslanan əlaqələrin inkişafını və siyasi, parlamentlərarası və idarələrarası əlaqələrin intensivləşməsini, ən müxtəlif sahələrdə əməkdaşlığın ardıcıl olaraq dərinləşməsini böyük məmnuniyyətlə qeyd etmək istəyirəm”, - deyə dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar RF prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunda bildirib.
O, ikitərəfli münasibətlərin inkişaf səviyyəsini müsbət qiymətləndirib. “Budəfəki yubiley ölkələrimizin keçdiyi yola nəzər salmaq, görülmüş işlərə yekun vurmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Biz tarixi baxımdan qısa zaman kəsiyində həm ortaq keçmişimizin müsbət nəticələrini qoruyub saxlamağa və çoxaltmağa, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə çatmağa nail olmuşuq. Bu gün dövlətlərimizin münasibətləri bir-birimizin maraqlarına qarşılıqlı hörmətə, bərabərhüquqluluğa, iki ölkənin xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır”, - deyə məktubda qeyd olunur.
Prezident vurğulayıb ki, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində humanitar əlaqələr xüsusi rol oynayır. “Azərbaycanda rus dilinə və rus mədəniyyətinə olduqca qayğıkeş münasibət bəslənilir, ortaq mədəni və tarixi irs qorunub saxlanılır”, - deyə İ.Əliyev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün Rusiya Federasiyasının səylərini yüksək qiymətləndirir.
“Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxşaxəli Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri bundan sonra da xalqlarımızın mənafeyinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcək”, - deyə prezident bildirib.*
F.İsazadə