2017-ci ilin mart ayında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 mln. 686,047 min kvadratmetr ərazi yoxlanılıb, 3,45 min ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
“3,437 min ədəd PHS və 10 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.
Əməliyyatlarda 489 nəfər minaaxtaran mütəxəssis və 131 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 398 mln. 670,503 min kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 760,344 min ədəd təşkil edir.
ANAMA mütəxəssisləri təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Lənkəran, Tovuz, Qazax, Yevlax, Tərtər və Qaradağ rayonlarında, eləcə də Güzdək qəsəbəsində davam etdirirlər.
Mart ayında respublika ərazisində 1 mina/PHS hadisəsi qeydə alınıb.*
R.Babayev