IV İslam Həmrəyliyi Oyunlarında 3000-dən artıq idmançı iştirak edəcək. Bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud aprelin 5-də prezident İlham Əliyevlə görüşdə deyib.
Dövlət başçısının saytında verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən İHİF-in prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğulayıb.
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd edib.
Dövlət başçısı Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini deyib.*
R.Babayev