Hazırda Azərbaycanda mehmanxanaların bronlaşdırılması yüksək səviyyədədir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bəyan edib.
“Mehmanxaların 85%-i aprelin sonuna kimi bronlaşdırılıb”, - deyə A.İsmiyev XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF2017” sərgisinə həsr olunan mətbuat konfransında bildirib.
Bununla əlaqədar o qeyd edib ki, respublikada yeni 2-4 ulduzlu hotel və mehmanxaların inşasına ehtiyac var.
A.İsmiyevin sözlərinə görə, 2016-cı ildə Azərbaycana 2,2 mln. turist səyahət edib. Turist axının artımı 11,7% təşkil edib. “Bu, əsasən, ərəb ölkələri, İran və Rusiyadan olan turistlərdir. Azərbaycana həmçinin Avropadan turistlər də səyahət edir”, - deyə şöbə müdiri bildirib.
A.İsmiyev vurğulayıb ki, hökumət tərəfindən viza rejiminin sadələşdirilməsi turist axının artımına imkan yaradıb.
O əlavə edib ki, sərginin keçirilməsi Azərbaycanda turizmin inkişafına öz töhfəsini verir.
6-8 aprel tarixlərində Bakıda "AITF2017” sərgisi keçiriləcək. Sərgidə 22 ölkədən 272 şirkət iştirak edəcək. **
F.İsazadə