Azərbaycan hökuməti bir sıra ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalamağı planlaşdırır. Bu barədə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə məlumat verib.
“Azərbaycan Sinqapur, İrlandiya, Slovakiya, Malayziya və Mərakeşlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş layihələrini razılaşdırıb”, - deyə o, “Vergilər” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
Baş direktorun sözlərinə görə, Azərbaycan Albaniya, Qırğızıstan, Banqladeş, Hindistan, Suriya, Türkmənistan, Portuqaliya və Omanla da analoji sazişlərin razılaşdırılması istiqamətində iş aparır.
«Bundan başqa, daha 12 dövlətə layihə təqdim edilib», - deyə Z.Fətizadə bildirib.
O əlavə edib ki, hazırda Azərbaycan 53 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıb, onlardan 49-u qüvvəyə minib və tətbiq edilməkdədir.*
A.Axundov