Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə 5 nəfərin namizədliyi təsdiq edilib.
“Mətbuat Şurası iki üzvünün namizədliyini irəli sürüb. Daha bir namizədlik Milli Elmlər Akademiyası (AMEA), iki namizədlik isə Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülüb”, - deyə komitə sədri Rafael Hüseynov bildirib.
Namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli (hər ikisinin namizədliyi Mətbuat Şurası tərəfindən irəli sürülüb), Azərbaycan Milli Elmlər AkademiyasınınFolklor İnstitutunun direktoru Muxtar İmanov (namizədliyi AMEA tərəfindən irəli sürülüb), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.
Plenar iclasda Yayım Şurasının üzvləri təsdiq edilməlidir. Hər qurumdan bir namizəd təsdiq ediləcək.*
R.Babayev