İsrail yaxın illərdə Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artacağına ümid edir. Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
“İki ölkə arasında ticarət dövriyyəsi müdafiə və energetika sahəsini çıxmaqla, ötən il 260 milyon dollar təşkil edib və biz böhrana baxmayaraq, bu rəqəmin növbəti bir neçə il ərzində artacağına ümid edirik", - deyə o, bu gün brifinqdə bildirib.
Səfir Azərbaycanı İsrailə enerji daşıyıcılarının mühüm tədarükçüsü” adlandırıb və ölkəsinin TANAP və TAP qaz kəmərlərinin tikintisi layihələrində iştirakda maraqlı olduğunu söyləyib.
D.Stav əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq dövründə strateji tərəfdaşlıq əlaqələri qurulub.
O, Azərbaycan-İsrail münasibətlərindəki bir neçə ümumi aspekti diqqətə çatdırıb. “Ölkələrimiz Yaxın Şərqdə baş verən hadisələrə real münasibət göstərir, İsrail və Azərbaycan öz regionlarında ən stabil ölkələrdir. Münaqişələrə baxmayaraq, hər iki ölkə iqtisadi inkişafa nail olub, multikultural cəmiyyətə malikdirlər. Bundan başqa, Azərbaycan İsrail üçün unikal tərəfdaşdır”, - deyə o bildirib.
Diplomat iki ölkənin liderləri arasında yaxşı münasibətlərin olduğunu deyib.
O əlavə edib ki, “İsrail Azərbaycanın səfirlik açmaq qərarından məmnun olacaq”.*
F.İsazadə