Xarici İşlər Nazirliyi Fransadan olan sərbəst reportyor Roman Myelkarekin (Romain Mielcarek) adını arzuolunmaz şəxslər siyahısına salmayıb.
3-7 mart 2017-ci il tarixlərində R.Myelkarek Azərbaycanda olub, cəbhə bölgəsinə səfər edib, qaçqın və məcburi köçkünlərlə görüşüb, münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi barədə məlumat alıb. 19-20 mart tarixlərində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.
“R.Myelkarek Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib. O, jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib”, – deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev“İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, R.Myelkarek gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.*
R.Babayev