Kiyev və Bakı azərbaycanlı tələbələrə saxta diplomların verilməsi məsələsini araşdırır. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
"Ukrayna Azərbaycan tərəfi ilə birlikdə azərbaycanlı tələbələrə Ukraynanın bəzi ali təhsil müəssisələri tərəfindən saxta diplomların verilməsi məsələsini araşdırır", - deyə o, bu gün mətbuat konfransında bildirib. Səfirin sözlərinə görə, qanunsuz yolla alınan diplomlar Azərbaycanda tanınmır.
O qeyd edib ki, Ukrayna ali məktəblərində təhsil almaq istəyən azərbaycanlıların sayı artır. "Hazırda Ukraynada 10 min nəfərdən çox azərbaycanlı tələbə təhsil alır. Biz təhsilin keyfiyyətini yüksəltməyə çalışır, tələbələrin təhlükəsizliyini təmin edirik", - deyə A.Mişenko əlavə edib.
O deyib ki, Ukraynanın müxtəlif ali məktəblərində tələbələr üçün Azərbaycan Mədəniyyət mərkəzləri fəaliyyət göstərir. "Artıq Poltava və Kiyevdə belə mərkəzlər var, Çerniqovda isə açılmaqdadır", - deyə diplomat diqqətə çatdırıb.*
F.İsazadə