2016-cı ildə Azərbaycanda 141 insan alveri faktı aşkarlanıb. Bu barədə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bəyan edib.
“Ötən il respublikada 141 insan alveri faktı aşkarlanıb, bu da 2015-ci illə müqayisədə 29,4% çoxdur”, - deyə V.Eyvazov bu gün Milli Məclisə hesabat zamanı bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə respublikada insan alveri ilə məşğul olan 15 cinayətkar qrup zərərsizləşdirilib, bu da 2015-ci ilin göstəricisindən 2 dəfə çoxdur.
Həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7-i “Azərbaycan Uşaq Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilib" - deyə V.Eyvazov qeyd edib.
Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. **
R.Babayev