Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"a məxsus yeni "Boeing 747-8F" təyyarəsi bu gün ölkəyə gətirilib. Bu barədə “Silk Way Airlines”ın məlumatında deyilir.
"Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir. Beləliklə, təyyarənin gətirilməsi "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir”, - deyə məlumatda bildirilir.
Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir. Bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir.
“Silk Way Cargo” şirkəti (“Silk Way Airlines” şirkətinin törəmə strukturu - İF-AZ) 2014-cü il dekabrın 24-də “Boeing” şirkəti ilə 3 ədəd “Boeing 747-8 Freighter” tipli təyyarənin alınmasına dair müqavilə bağlayıb.*
N.Abbasova