Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün nəticələrindən razıdır.
“Prezident İlham Əliyevlə görüş çox nikbin təəsürat buraxdı. Konkret əməkdaşlıq istiqamətləri barədə söz açdıq. İqtisadiyyat, iqtisadi əməkdaşlıq görüşün əsas istiqamətləri olub”, - deyə M.Korb “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, görüşün yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və iqtisadi əməkdaşlığın yaxşılaşdırılması məqsədləri müəyyən olunub.
Estoniyalı nazir vurğulayıb ki, tərəflər əməkdaşlığın bütün spektri üzrə qarşılıqlı əlaqələrin cari vəziyyətinə dair məsələri müzakirə ediblər.
“Ölkələr arasında aparılan işlər, o cümlədən, İT sahəsinndə əməkadşlıq çərçivəsində birgə layihələr barədə söhbət etdik. Bundan başqa, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, birgə fəaliyyətə dair bir neçə planlar nəzərdən keçirildi”, - deyə M.Korb vurğulayıb. **
F.İsazadə