Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir sıra siyasi partiyadan 2016-cı ilin maliyyə hesabatını təqdim etməyi tələb edib.
"İndiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib", - deyə o, MSK-nın bu gün keçirilən iclasında bildirib.
Sədrin sözlərinə görə, bu problemin yaranmasının səbəblərindən biri bir sıra partiya sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır. Bu partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və qanuni səlahiyyətli olan şəxs maliyyə hesabatını təqdim etməlidir. “Mən bir daha siyasi partiyalara müraciət edirəm ki, maliyyə hesabatlarını təqdim etsinlər”, – deyə M.Pənahov əlavə edib.
Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Qanunvericiliyə əsasən partiyalar hər il aprelin 1-ə qədər ötən ilin maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.*
R.Babayev