2017-ci ildə Azərbaycanda 125 mln. manata yaxın məbləğdə müdafiə təyinatlı məhsulların istehsalı, təmiri və utilizasiyası planlaşdırılır. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib.
“2017-ci ilin istehsal proqramına əsasən, Müdafiə Nazirliyi və digər güc qurumları tərəfindən verilmiş sifarişə uyğun olaraq 123,7 mln. manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulur”, - deyə Y.Camalov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, artıq müqavilələr bağlanıb və məmulatların istehsalı üzrə işlər həyata keçirilir.
“Hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur və sifarişlər artdıqca bu sahədə işləri daha da təkmilləşdirəcəyik”, - deyə nazir vurğulayıb.
Y.Camalov qeyd edib ki, bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir.
“Hazırda bağlanmış müqavilələrin dəyəri 101 mln. ABŞ dolları təşkil edir. Bu məbləğin 57 mln. dolları icrada olan müqavilələrdir, qalan 44 mln. dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək”, - deyə nazir əlavə edib. **
R.Babayev