2014-2016-cı illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yeni gəmilərin tikintisinə $139 mln. investisiya yatırıb. Bu barədə QSC-nin sədri Rauf Vəliyev bəyan edib.
“Son üç il ərzində Gəmiçiliyin donanmasına 15 gəmi alınaraq istismara verilib. Bu işlərə Gəmiçiliyin daxili imkanları hesabına 139 mln. ABŞ dolları investisiya yatırılıb”, - deyə R.Vəliyev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, QSC-nin donanmasının tərkibinə 300-ə yaxın müxtəlif təyinatlı gəmi daxildir.
R.Vəliyev vurğulayıb ki, 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdən kənar beynəlxalq sularda fəaliyyətini bərpa edib. Hazırda Xəzərdən kənarda Azərbaycan bayrağı altında 10 gəmi fəaliyyət göstərir. “2016-cı ildə Gəmiçiliyin quru yük daşımalarının 34%-ni Xəzərdə, 66%-ni isə Xəzərdən kənar beynəlxalq sularda daşımalar təşkil edib”, - deyə o əlavə edib.
R.Vəliyevin sözlərinə görə, Gəmiçiliyin 2016-cı il üçün mənfəəti 2015-ci il ilə müqayisədə iki dəfə artıb. “Təkcə 2016-cı il ərzində Gəmiçiliyin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri, ümumilikdə, 100 mln. manata yaxın məbləğ təşkil edib”, - deyə o qeyd edib. **
A.Əzizov