Vergilər Nazirliyi 2017-ci ilin birinci rübündə dövlət büdcəsinə 1 mlrd. 420,746 mln. manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2016-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinə 1 mlrd. 542 mln. 401,2 min manat məbləğində vergi və rüsum köçürüb. Beləliklə, 2017-ci ilin müvafiq dövründə köçürmələrin həcmi 7,9% azalıb.
"Vergi orqanları cari ilin yanvar-mart aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı artıqlaması ilə yerinə yetirib. Köçürmələrin faktiki həcmi 1 mlrd. 420,726 mln. manat təşkil edib (plan tapşırığı 103,8% yerinə yetirilib)", - deyə məlumatda qeyd edilir.
2017-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 7 mlrd. 510 mln. manat təşkil edir.**
A.Axundov