“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolunu istifadəyə verməyi planlaşdırır. Bu barədə QSC-nin sədri Cavid Qurbanov aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.
“Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək”, - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Ötən 19 ay ərzində bu qatardan artıq 1 milyon 375 min vətəndaş istifadə edib.*
N.Abbasova